Orta məktəblərin pedoqoji şuraları Nazirliyə gönədrdikləri siyahıları hansı meyarlarla hazırlayır?Ekspert Etibar Əliyev: ”Bu məslədə məktəb direktorları məsuliyyət daşıyırılar” Avqustun 9-da Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında əmr verib. Bizimyol.info xəbər verir ki, əmrə əsasən Nazirlər Kabinetinin 14 yanvar 2010-cu il tarixli 8 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”nı, Dövlət İmtahan Mərkəzi tərəfindən 2015-2016-cı dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələrini nəzərə alaraq və “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq 11-ci sinif məzunları qızıl medalla təltif olunub.
Sihayıda olan 158 nəfər şagirddən 129 XI sinif məzunu qızıl, 29 XI sinif məzunu isə gümüş medala layiq görülüb. Ali məktəblərə qəbul imtahanında 700 bal toplayan 10 abituryentdən isə yalnız birinin adı bu sihayıda yer alıb. Həmin şəxs İsmayıllı rayon 5 saylı orta məktəbin şagirdi Ağalətif Lətifovdur. O, qızıl medala layiq görülüb.
Bu fakt insanlarda qızıl medalın nə dərəcədə real biliyi əks etdirməsi sualını yaradır. Maraqlıdır, nədən qızıl medal sahiblərinin heç olmasa bir qismi imtahanlarda yüksək nəticə göstərə bilməyiblər? Qızıl və gümüş medal almaq üçün meyarlar
2010-cu ilin yanvarından etibarən Nazirlər Kabinetinin qərarı ilə “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma qaydası” təsdiqlənib. Sənəd “Təhsil haqqında” qanunun 19.8-ci maddəsinə uyğun hazırlanıb. Qaydalara əsasən, ümumtəhsil məktəbində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər nümunəvi davranışı ilə fərqlənən tam orta təhsil səviyyəsinin məzunlarının namizədliyi qızıl və ya gümüş medalla təltif olunmaq üçün təqdim ediləcək. Respublika fənn olimpiadalarının yekun mərhələsində, rayon (şəhər), ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülmə də təhsil alanın qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi zamanı nəzərə alınacaq. Şagirdlərin qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılacaq və müvafiq qərar qəbul ediləcək.
Aşağıdakı şagirdlərin qızıl və ya gümüş medalla təltifi üçün namizədliyi verilə bilər:
• ümumi orta təhsili 75 faiz “əla” qiymətlərlə bitirənlər;
• tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi “əla” olanlar;
• bütün fənlərdən illik qiymətləri “əla” olanlar.
Şagirdlərin qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi barədə pedaqoji şuranın qərarı və həmin təhsil alanların fərdi siyahısı Təhsil Nazirliyinin müəyyən etdiyi formada hər il mayın 20-dən gec olmayaraq yerli təhsili idarəetmə orqanları tərəfindən Təhsil Nazirliyinə təqdim edilməlidir.
Qızıl və ya gümüş medalla təltifi üçün namizədliyi verilən şagirdlərdən attestata yazılan yekun qiymətləri yalnız “əla” olanlar qızıl medala, attestata yazılan yekun qiymətlərindən ən çoxu ikisi “yaxşı” (tədris dili və riyaziyyat istisna edilməklə) olanlar isə gümüş medala layiq görüləcək.
Məzunların qızıl və ya gümüş medalla təltifi Təhsil Nazirliyinin əmri ilə rəsmiləşdiriləcək. Qızıl və ya gümüş medala layiq görülmüş şagirdlərin adı oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq.
Təhsil eksperti Etibar Əliyev Bizimyol.info-ya şərhində bildirdi ki, 700 bal toplayan bütün şagirdlərin qızıl medal almalı olduğunu deyə bilər. Qızıl medalın şərtlərində göstərilən bəzi meyarlara ola bilər ki, onlar uyğun gəlməyiblər: “Ola bilməz ki, məktəb pedaqoji şurası əlaçı və o tələbləri yerinə yetirən şagirdlərin təqdimatını nazirliyə göndərməsin. Əgər belə bir hal baş veribsə, mən hesab edirəm ki, məktəb direktorları məsuliyyət daşıyırlar. Çünki o təqdimatları onlar göndərməlidirlər.
Təhsil Nazirliyinə ölkə üzrə 4500 məktəbdə bütün əlaçı şagirdlər, eyni zamanda onlar haqqında məlumatlar məktəblərdən daxil olur. Əgər belə bir hal baş veribsə, 700 bal toplayan abituriyentlərdən o tələbləri ödəmiş ancaq təqdimatda adı qeyd olunmayıbsa, onun məsuliyyətini məktəb direktorları daşıyır. Digər tərəfdən, şagirdlərin böyük bir qismi həmçinin 700 bal və 600-dan çox bal toplayanların əksəriyyəti etiraf edirlər ki, onlar müəllim yanında hazırlaşırlar. Ola bilsin bu səbəbdən onlar məktəbdəki nəticələrə diqqət etməyiblər. Nəticədə gümüş və qızıl medal ala bilməyiblər”.
XƏBƏR LENTİ